1) TƏRƏFLƏR
- 1.1. Bu Xidmət Şərtləri və Qaydaları barədə İstifadəçi Razılaşması (bundan sonra “Razılaşma” adlanacaq) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən 2008210551 nömrəsi ilə qeydiyyata alınmış və hüquqi ünvanı Bakı şəhəri Natiq Əliyev 36, ev 17 ünvanında yerləşən, öz nizamnaməsinə uyğun fəaliyyət göstərən “Supply Builds” MMC-yə (bundan sonra “Admin” adlanacaq) aid www.supplybuilds.com vebsaytına (bundan sonra “Vebsayt” adlanacaq) və orada təklif olunan xidmətlərdən istifadəyə şamil olunur.
- 1.2. Admin və İstifadəçi, təchizatçı və ya istehsalçı (bundan sonra “İstifadəçi”) bu Razılaşmada ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq.
- 1.3. Nəzərə alaraq ki,
- - Admin, mülkiyyət hüququna malik olduğu Vebsaytı vasitəsi ilə inşaat malları, xidmətləri, işləri bazarında Alıcılar (istehlakçılar) ilə İstifadəçini (təchizatçı və ya istehsalçı simasında) bir yerə gətirmək, inşaat mallarının satışı sahəsində ədalətli rəqabət mühiti yaratmaq, inşaat malları, xidmətləri, işləri üzrə Alıcıların tələblərinin şəffaf formada təmin olunmasını təşkil etmək niyyətindədir;
- - İstifadəçi, təchizatçı və ya istehsalçı simasında öz istehsal etdiyi, yaxud təchiz etdiyi mal-materialları, göstərdiyi xidmətləri və ya gördüyü işləri bu Vebsayt vasitəsi ilə elektron şəkildə Alıcılara təklif etmək niyyətindədir
Yuxarıda qeyd edilənlərə əsasən, Tərəflər aşağıdakılar barədə razılaşırlar:
2) RAZILAŞMANIN PREDMETİ
- 2.1. Bu Razılaşmaya əsasən Admin ona məxsus Vebsaytda İstifadəçiyə onun istehsal etdiyi və ya təchiz etdiyi inşaat malları, xidmətləri və ya işləri (bundan sonra “Məhsullar”) barədə məlumatları yerləşdirməyə, Vebsaytda digər istifadəçilər olan alıcılar (bundan sonra “Alıcılar”) tərəfindən yaradılmış alış sorğularına (RFQ) Qiymət təklifi verməyə ödənişsiz şəkildə şərait yaradılması üzrə xidmətlər (bundan sonra “Xidmətlər”) göstərir, İstifadəçi isə bu Razılaşmanın şərtlərinə və qaydalarına əməl etməyi öhdəsinə götürür.
- 2.2. İstifadəçi Məhsullarını Vebsaytda yerləşdirməklə potensial Alıcıların alış sorğularına cavab olaraq Alıcılara fərdi qaydada Qiymət təklifi göndərə bilər.
- 2.3. Admin Vebsayt vasitəsi ilə Alıcılar ilə İstifadəçi arasında vasitəçilik edir. Vebsaytda İstifadəçi Məhsullarına Alıcı tapdığı təqdirdə, İstifadəçi ilə Alıcı arasında bağlanacaq müqavilə bu Razılaşmanın predmetinə daxil deyildir.
3) XİDMƏTLƏRDƏN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI
- 3.1. İstifadəçi bu Razılaşmanı imzaladıqdan sonra Vebsaytda ona məxsus Məhsulların yerləşdirilməsi üçün Admin, ayrıca “admin paneli” (bundan sonra “Panel”) yaradaraq Panelə daxil olmaq üçün lazımi elektron məlumatları (login və parol) İstifadəçiyə təqdim edir.
- 3.2. İstifadəçiyə təqdim edilmiş login və paroldan istifadə edərək İstifadəçi ona aid Panelə daxil olmaq, orada Məhsullarını əlavə edə, Məhsulları barədə zəruri məlumatları (adı, xarakteristikaları, şəkli, qiyməti, sertifikatları, zəmanət talonu, minimum alış miqdarı, stok yaxud sifariş edilməsi məlumatları) daxil edə bilər.
- 3.3. İstifadəçi, Alıcıların Vebsaytda yerləşdirdiyi alış sorğularına Qiymət təklifi göndərmək imkanına malik olacaqdır. Alıcı İstifadəçinin Qiymət təklifini qəbul etdikdən sonra İstifadəçi ilə Alıcı arasında razılaşma əldə olunmuş hesab edilir, lakin bu razılaşmanın yazılı qaydada bağlanılmasına, şərtlərinə, icrasına görə Admin məsuliyyət daşımır.
4) TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
- 4.1. Adminin hüquq və öhdəlikləri:
- 4.1.1. Vebsaytdakı məlumatları, onun məzmununu birtərəfli qaydada heç bir xəbərdarlıq etmədən, habelə bu Razılaşmanın şərtlərini İstifadəçini qabaqcadan xəbərdar etməklə birtərəfli dəyişdirmək, əlavələr, çıxarışlar etmək;
- 4.1.2. Aşağıdakı məqsədlər üçün İstifadəçinin Vebsaytdan istifadə və ya bu Razılaşmanın icrası prosesində Adminə verdiyi fərdi və analitik məlumatlarını toplaya bilər;
- - İstifadəçinin identifikasiyası;
- - İstifadəçiyə qarşı bu Razılaşma və qanunvericiliklə müəyyən olunmuş öhdəlikləri icra etmək və onların icrasına nəzarət etmək;
- - Marketinq məqsədləri;
- - Şikayətlərin araşdırılması və doğru qərarların verilməsi;
- - Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması;
- - Anonim məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması.
- 4.1.3. Daxil olduğu andan İstifadəçinin Vebsaytda hərəkətlərini izləmək, bununla bağlı qeydiyyat aparmaq, statistik məlumat bazası formalaşdırmaq, bu cür məlumat bazasını işləmək, analiz etmək. Bununla bağlı Admin aşağıdakı analitik məlumatları toplaya bilər:
- - Göndərilən Qiymət təklifləri barədə məlumatlar (eləcə də Alıcı tərəfindən təsdiq edilmiş və təsdiq edilməmiş);
- - Vebsaytda daxil olmaq üçün istifadə edilən cihaz barəsində informasiya;
- - İstifadəçinin Vebsaytda daxil olduğu IP ünvan və ölkə;
- - Daxil olan cihazın əməliyyat sistemi;
- - Daxil olmaq üçün istifadə olunan internet brauzer barədə məlumatlar;
- - İnternet provayderi;
- - Vebsaytda keçirilən vaxt, giriş saat(lar)ı;
- - Vebsaytın hansı bölmələrinə daxil olunma məlumatları;
- - İstifadəçinin Panelə giriş məlumatları.
- 4.1.4. Admin, İstifadəçi Vebsayta daxil olduğu andan analitik və digər məlumatları toplamaq və saxlamaq üçün çərəzlərdən və veb-mayaklar da daxil olmaqla müxtəlif texnologiyalardan istifadə edə bilər. Bu, Vebsaytın və Xidmətlərin inkişaf etdirilməsinə və istifadəçilərə daha yaxşı xidmət etməyə kömək edəcək;
- 4.1.5. İstifadəçinin Alıcı tərəfindən təsdiq edilmiş Qiymət təklifindən birtərəfli qaydada üzrlü səbəb olmadan imtina etməsi halı aşkar olunarsa, 3 (üç) dəfə İstifadəçi xəbərdarlıq ediləcək. Növbəti belə halda İstifadəçinin Vebsayta girişi qismən və ya tam məhdudlaşdırıla bilər;
- 4.1.6. Admin, İstifadəçinin bu Razılaşmanın müddəalarını pozduğuna dair əsaslı şübhələr olduqda, belə şübhələr aradan qalxana kimi xidmətlərin göstərilməsini müvəqqəti dayandırmaq, yaxud şübhələr təsdiq olunduqda İstifadəçinin Vebsayta girişini qismən və ya tam məhdudlaşdırmaq hüququna malikdir. Qismən məhdudlaşdırma dedikdə, Admin tərəfindən müəyyən edilən, İstifadəçinin Vebsaytın müəyyən funksiyalarından istifadəsinə məhdudiyyət tətbiq edilməsi, yaxud İstifadəçinin Vebsyata daxil olmasının müəyyən müddətə məhdudlaşdırılması başa düşülür. Tam məhdudlaşdırma zamanı Admin eyni zamanda İstifadəçinin Panelini ləğv etmək hüququna malikdir;
- 4.1.7. Vebsaytdan istifadə qayda və şərtlərini İstifadəçi üçün əlçatan yerdə yerləşdirməlidir;
- 4.1.8. Vebsaytdan istifadəyə mane olan halların aradan qaldırılmasında İstifadəçiyə köməklik göstərməlidir;
- 4.1.9. Vebsaytın və İstifadəçinin fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün zəruri mühafizə tədbirləri həyata keçirməlidir;
- 4.1.10. Aşağıdakı hallar istisna olmaqla, İstifadəçinin fərdi məlumatlarını başqa şəxslərə açıqlamamalı, verməməlidir:
- - Qanunvericilikdə göstərilən hallar (hüquq-mühafizə orqanlarının, məhkəmələrin, müvafiq dövlət orqanlarının rəsmi tələbi əsasında);
- - Xidmətlərin icrası ilə bağlı məlumatların Adminin öz şirkəti daxilində və ya onun cəlb etdiyi üçüncü şəxslə paylaşılması;
- - Hüquqi varislik zamanı.
- 4.2. İstifadəçinin hüquq və öhdəlikləri
- 4.2.1. Bu Razılaşmanı imzaladıqdan sonra Admindən ona Panel yaradılmasını və panelə giriş məlumatlarının verilməsini tələb edə bilər;
- 4.2.2. Panelə malik olduqdan sonra bu Razılaşmanın şərtlərinə uyğun Xidmətlərdən yararlana bilər;
- 4.2.3. Vebsaytın fəaliyyətində, yaxud Xidmətlərin icrasında aşkar etdiyi qüsurlar, çatışmazlıqlar barədə Adminə müraciət edərək onu məlumatlandıra bilər;
- 4.2.4. Bu Razılaşmanı imzalamaq üçün özü barəsində Adminə həqiqi və bütün tələb olunan məlumatları təqdim etməlidir (təqdim olunan məlumatların təhrif edilmiş olduğu sonradan aşkar olunduqda Admin dərhal bu Razılaşmanı birtərəfli qaydada ləğv edə bilər);
- 4.2.5. Bu Razılaşmanın, habelə Vebsaytda yerləşdirilmiş İstifadəçi Razılaşmasının şərtlərinə əməl etməlidir;
- 4.2.6. Alıcıların alış sorğusuna göndərdiyi Qiymət təklifində doğru məlumatlar qeyd etməli, Alıcının təsdiq etdiyi Qiymət təklifindən üzrlü səbəblər olmadan birtərəfli imtina etməməlidir;
- 4.2.7. Rəsmi dövlət reyestrində qeydiyyata alınmış məlumatlarında baş vermiş dəyişikliklər barəsində həmin dəyişikliklərin baş verdiyi tarixdən sonra ən gec 5 (beş) təqvim günü ərzində Admini məlumatlandırmalıdır. Bu cür dəyişikliklərə hüquqi şəxslərə münasibətdə şirkət adının, təşkilatı-hüquqi formanın, hüquqi ünvanın, nizamnamə kapitalının, payçıların və payların miqdarının dəyişdirilməsi, ləğvetmə prosedurunun başlanması barədə məlumatlar, vergi qeydiyyatına alınmış fərdi sahibkarlara münasibətdə isə ad, soyad, ata adının, qeydiyyat ünvanının dəyişdirilməsi, VÖEN-in fəaliyyətinin dayandırılması aiddir.
- 4.2.8. İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmamalı, eləcə də Vebsaytdan və Xidmətlərdən istifadə zamanı hər kəs tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına riayət etməlidir;
- 4.2.9. Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Razılaşma ilə nəzərdə tutulan digər hüquqlar və öhdəliklər.
5) ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
- 5.1. İstifadəçi Vebsaytdan istifadə edərkən, eləcəcə də Alıcılara Qiymət təklifi verərkən məlumat mübadilələri edir. Bu zaman İstifadəçi istehsal və kommersiya sirrlərini qorumaq öhdəliyini üzərinə götürür. Bu cür məlumatların qəsdən birbaşa və ya dolayı yolla digər şəxslərə ötürülməsi qadağandır.
- 5.2. Admin İstifadəçinin malik olduğu əqli mülkiyyət hüquqlarının qorunmasına görə məsuliyyət daşımır.
- 5.3. Admin İstifadəçi tərəfindən təqdim olunmuş məlumatların həqiqiliyinə və doğruluğuna, Məhsulların keyfiyyətinə, başqa şəxslərə məxsus əqli mülkiyyət obyektlərindən istifadənin qanuniliyinə görə məsuliyyət daşımır.
6) MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏR
- 6.1. İstifadəçi Vebsaytda düzgün, tam və həqiqi məlumatları yerləşdirməməyə görə başqa şəxslərə vurduğu zərərə görə tam həcmdə məsuliyyət daşıyır.
- 6.2. İstifadəçi bütün məlumatların, xidmətlərin və ya onların istənilən hissəsinin reklamla müşayət olunması barədə Supply Builds-in təklifini qəbul edir və Adminin məlumatlara görə hər hansı məsuliyyət daşımadığını və belə reklamla bağlı hər hansı öhdəliyi olmadığını qəbul edir.
- 6.3. Adminin fəaliyyəti müvafiq məlumatların Vebsaytda yerləşdirilməsinə şərait yaratmaq ilə məhdudlaşır, Admin göstərdiyi xidmətlərə dair İstifadəçi ilə Alıcılar arasında yaranmış mübahisələrə, Məhsulların keyfiyyətinə və öhdəliklərin icra edilməməsinə və ya lazımi qaydada icra olunmaması ilə bağlı tərəfə dəymiş zərərə görə məsuliyyət daşımır.
- 6.4. İstifadəçi, göndərdiyi Qiymət təklifinin Alıcı tərəfindən qəbul edilib-edilməməsindən asılı olaraq, Qiymət təklifinin və alış sorğusunun son statusunu (“Alışı rədd et” və ya “Alışı təsdiqlə” şəklində) yanlış qeyd etməyə, yaxud ümumən qeyd etməməyə görə məsuliyyət daşıyır. Bu hal 3 (üç) dəfədən artıq Admin tərəfindən aşkar olunarsa, İstifadəçinin Vebsaytdan istifadəsi qismən və ya tam məhdudlaşdırıla bilər.
- 6.5. Admin Vebsaytda İstifadəçi tərəfindən, habelə Alıcılar tərəfindən təqdim olunmuş məlumatların həqiqiliyinə və doğruluğuna görə məsuliyyət daşımır.
- 6.6. İstifadəçi ilə Alıcılar arasında yazılı və şifahi sazişlər birbaşa bağlanılır. Admin belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
- 6.7. Bu Razılaşma ilə bağlı Tərəflər arasında yaranmış bütün mübahisələr ilk öncə qarşılıqlı dostcasına danışıqlar vasitəsilə həll olunmağa çalışılmalıdır. Bu yolla həll oluna bilməyən mübahisələr maraqlı tərəfin müraciəti əsasında Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll olunacaq.
- 6.8. Bu Razılaşmanın icrasından irəli gələn mübahisələr Azərbaycan Respublikasının maddi və prosessual qanunvericiliyinə əsasən baxılıb həll olunacaqdır.
7) FORS-MAJOR HALLAR
- 7.1. Tərəfin iradəsindən asılı olmayan, həmin Tərəfin qabaqcadan görə bilmədiyi və ağlabatan ehtiyatlılığı və səyləri ilə qarşısını ala bilmədiyi istənilən hadisə, o cümlədən, bu sadalanmış meyarlara cavab verən aşağıdakı hallar başa düşülür (lakin bunlarla məhdudlaşmır):
- 7.2. (a) iğtişaş, müharibə, qiyam, üsyan və ya sabotaj, xarici dövlətlərin təcavüzü, hərbi əməliyyatlar, terror aktları, vətəndaş müharibəsi, dövlət çevrilişi, karantinlər, embarqolar, hər hansı səlahiyyətli dövlət orqanının göstərişi ilə əmlakın müsadirəsi, qanunvericilik aktlarının qəbulu və ya dəyişdirilməsi;
- 7.3. (b) zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, epidemiyalar, epizootiyalar, öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyətini istisna edən küləyin gücü, havanın hərarəti, yağıntıların dərəcəsi və/və ya digər təbii fəlakətlər.
- 7.4. Razılaşmanın icrasına fors-major hallar təsir göstərərsə, Tərəflər öhdəliklərinin qismən və ya tam icra edilməməsinə, habelə Razılaşmanın ləğv edilməsinə görə məsuliyyət daşımır.
- 7.5. Tərəflərdən hər biri fors-major halların təsiri barədə və yaranma səbəbləri haqqında yazılı məlumatı yubanmadan digər Tərəfə göndərməlidir. Qarşı Tərəfin vaxtında məlumatlandırılmaması həmin Tərəfə sonradan bu hala istinad hüququ vermir. Əgər qarşı Tərəfdən digər yazılı təlimat daxil olmayıbsa, digər tərəf öz imkanları daxilində fors-major halın təsirindən asılı olmayan bu Razılaşma üzrə öhdəliklərinin yerinə yetirilməsini davam etməli və fors-major halın təsirindən asılı olan bu Razılaşma üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün alternativ üsullar axtarmalıdır. Tərəflər fors-major hallardan irəli gələn və onlara aid xərcləri özləri çəkirlər.
- 7.6. Belə hallar əmələ gəldikdə, Tərəflərin qarşılıqlı razılığı ilə Razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi müddətləri bu vəziyyətlərin davam etdiyi müddətlərə nisbətən uzadıla və ya Razılaşmaya xitam verilə bilər.
8) MÜQAVİLƏNİN QÜVVƏSİ VƏ LƏĞVİ
- 8.1. Hazırkı Razılaşma Tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və Razılaşmanın ləğvi halı istisna olmaqla müddətsiz qüvvədə qalacaqdır.
- 8.2. Tərəflərdən hər biri qarşı tərəfi 1 (bir) ay qabaqcadan yazılı şəkildə xəbərdar etməklə bu Razılaşmanı vaxtından qabaq birtərəfli qaydada ləğv edə bilər.
- 8.3. Bu Razılaşmaya Tərəflərin qarşılıqlı razılığı ilə istənilən vaxt xitam verilə bilər.
- 8.4. Razılaşmanın ləğv olunması (xitam edilməsi) ləğv (xitam) tarixinə qədər Tərəflərin yaranmış öhdəliklərinin xitamına səbəb olmur.
11) DİGƏR MÜDDƏALAR
- 9.1. Bu Razılaşma ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənəcək.
- 9.2. Hazırkı Razılaşmaya edilən bütün əlavə və dəyişikliklər bu Razılaşmanın ayrılmaz tərkib hissəsi hesab olunur.
- 9.3. Hazırkı Razılaşmanın icrası əsasında əldə olunan hər hansı məlumat və bu Razılaşmanın mətni məxfi hesab olunur. Odur ki, Tərəflər onu qanunla göstərilmiş hallar istisna olmaqla (məsələn, öz lazımi qaydada təyin olunmuş məsləhətçisinə, auditoruna və ya dövlət orqanına), heç bir üçüncü şəxsə digər Tərəfin əvvəlcədən yazılı razılığını almadan açıqlamamalıdır.
- 9.4. Tərəflərin bu öhdəliyi Razılaşmanın qüvvədən düşməsi və hər hansı səbəblə xitamı tarixindən etibarən 5 (beş) il müddətində öz qüvvəsini itirməyəcəkdir.
- 9.5. Razılaşmanın hər hansı bəndinin etibarsız sayılması bütövlükdə Razılaşmanın etibarsızlığına səbəb olmur. Tərəflər bu Razılaşmanın etibarsız hesab edilən bəndini qarşılıqlı razılığa əsasən maraqlarına cavab verəcək şəkildə dəyişdirəcəklər.
- 9.6. İstifadəçi bu Razılaşma üzrə öz hüquq və öhdəliklərini və ya onların bir hissəsini və ya onlardakı istənilən fayda və ya hüquqi marağı digər Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü şəxslərə ötürə bilməz.
- 9.7. Tərəflərin Razılaşmada nəzərdə tutulan məsələlər üzrə və ya onlarla bağlı istənilən bir-birlərinə bildiriş və ya digər ismarıcı yazılı şəkildə olmalıdır və onu verən Tərəfin adından imzalanmalıdır.
- 9.8. Bu Razılaşma Azərbaycan dilində olmaqla eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilir və Tərəflərin səlahiyyətli şəxslərinin imzası ilə təsdiqlənir, nüsxələrdən biri Admində, digəri isə İstifadəçidə saxlanılır.
- 9.9. Tərəflər bu Razılaşmanı səlahiyyətli nümayəndələrinin əl imzası və varsa, möhürü ilə kağız daşıyıcıda, yaxud Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Elektron imza və elektron sənəd haqqında” Qanununa uyğun şəkildə elektron imzadan istifadə edərək elektron sənəd formasında təsdiq edə bilərlər. Elektron imza ilə təsdiqlənmiş müqavilənin hüquqi qüvvəsi kağız daşıyıcıda əl imzası ilə təsdiq edilmiş müqaviləyə bərabər hesab edilir.